Qaradağ rayonunda ordudan tərxis olunmuş gənclərlə görüş keçirilib
AZƏRTAC xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qaradağ Rayon İcra Hakimiyyətinin və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Lökbatan qəsəbəsindəki abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsini yad ediblər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov tədbiri açaraq ölkəmizdə gənclərə yüksək diqqət və qayğı göstərilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd olunub ki, Ulu Öndərin müəllifi olduğu dövlət gənclər siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilərək həyata keçirilir. Bu gün regionun ən qüdrətli ordusuna çevrilən Azərbaycan Respublikasının Silahlı Qüvvələri məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin və gərgin əməyinin bəhrəsidir.
Milli Məclisin deputatı Mixail Zabelin Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz olunduğunu, yüksək nizam-intizamı və döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir bir ordu kimi formalaşdığını qeyd edib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi, polkovnik Rövşən Əlvəndov ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində ordu quruculuğu, milli hərbi kadrların hazırlığı məsələsinə daim diqqət yetirdiyini vurğulayıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlər nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazda ən qüdrətli ordudur.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin rəisi Novruz Rəhimov rayon gənclərinin hərbi xidmətə həmişə yüksək əhval-ruhiyyə ilə yola salınmasını onların Vətənə, dövlətə sadiqliyinin göstəricisi kimi qiymətləndirib.
İctimai Birliyin sədri Emin Həsənli və digər natiqlər də sürətlə inkişaf edən ölkəmizdə ordu quruculuğunda qazanılan uğurlardan, Azərbaycan əsgərlərinin mərdlik və şücaətindən danışıblar. Bildirilib ki, bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin xidmət və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təchizatı istiqamətində mühüm işlər görülür.
Ordudan tərxis olunmuş bir qrup gənc göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hər zaman hazır olduqlarını bildiriblər.
Sonda Rayon İcra Hakimiyyəti tərəfindən gənclərə hədiyyələr, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsi tərəfindən hərbi biletlər təqdim olunub. Həmçinin Rayon İcra Hakimiyyətinə və Qaradağın qabaqcıl orta məktəblərinə “Hər şey qələbə üçün!” adlı kitab-albom hədiyyə edilib.