Qardabani Təhsil və İnteqrasiya Mərkəzində gənclər üçün yay təlimləri keçirilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Qardabani Təhsil və İnteqrasiya Mərkəzində yay ayları ərzində şagird və gənclərin biliklərinin artırılması, dünyagörüşlərinin genişləndirilməsi, eləcə də sosial fəallıqlarının dəstəklənməsi məqsədilə bir sıra maarifləndirici təlimlər keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, “Gender bərabərliyi və erkən nikah” mövzusunda ilk təlimi mərkəzin direktoru və təlimçi Çiçək Hüseynova keçib. Gənclərə erkən nikahın mənfi nəticələri, təhsildən kənarda qalmaq, sosial inkişafın məhdudlaşması, insan hüquqlarının pozulması kimi mövzular barədə ətraflı məlumat verilib.
Növbəti təlim “Süni intellekt və onun əhəmiyyəti” mövzusunda olub. Gürcüstan Azərbaycanları İnteqrasiya Mərkəzinin təlimçisi Anar Mustafayev mövzu ilə bağlı çıxış edib. Təlim iştirakçıları süni intellektin mahiyyəti, gündəlik həyatda istifadəsi, təhsildə və gələcək peşələrdə rolu barədə geniş bilgilər əldə edib, mövzu ətrafında müzakirələr aparıblar.
“İngilis dilini daha asan öyrənməyin yolları” mövzusunda təşkil olunan təlimdə isə xarici dil öyrənmənin effektiv üsulları, yadda saxlama texnikaları və gündəlik praktik məşqlərin əhəmiyyəti barədə danışılıb.
Təlimlərin sonunda iştirakçılar öz təəssüratlarını bölüşüb, qazandıqları bilik və bacarıqları gələcəkdə necə tətbiq edəcəkləri barədə fikir mübadiləsi aparıblar.