Qardaşlaşmış şəhərlər vaxtilə ABŞ və SSRİ arasındakı gərginliyi aradan qaldırmağa kömək ediblər
Vaşinqton, 29 noyabr, AZƏRTAC
“Houston Chronicle” qəzetində Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundovanın məqaləsi dərc edilib. Müəllif yazır ki, Hyustonun keçmiş meri Lui Uelç hələ 1970-ci illərdə neft hasil edən bu iki şəhərin bağlılıq ideyasını gözdən keçirmişdi. Bir neçə ildən sonra bu iki şəhər arasında rəsmi münasibətlər ovaxtkı mer Fred Hofhaynts tərəfindən quruldu.
AZƏRTAC xəbər verir ki, qardaşlaşmış şəhərlər proqramı çərçivəsində xeyli azərbaycanlı ilk dəfə Amerikada olmaq imkanı əldə etdi. Onlar hyustonlular tərəfindən səmimi qarşılandılar və nəticədə sıx əməkdaşlıq formalaşdı. Bu, hər iki tərəfə vaxtilə ABŞ və SSRİ arasında “soyuq müharibə” dövründə yaranan bəzi gərginlikləri aradan qaldırmağa imkan yaratdı.
İ.Axundova yazır ki, Hyustonun qardaşlaşmış şəhərləri identik dövlət quruluşu əsasında seçilmirdi, əksinə, qardaşlaşmış şəhərlər proqramı dünyanın müxtəlif guşələrindən olan insanları və mədəniyyətləri birləşdirməyi nəzərdə tutur.
Bu iki şəhərin sıx əlaqələrindən danışan müəllif Assosiasiyanın son illər reallaşdırdığı layihələrdən söhbət açır. Qeyd edir ki, 2014-cü ildə Assosiasiyanın təmsilçiləri Bakı Ali Neft Məktəbinin nümayəndə heyətinin tərkibində Hyuston Universitetində oldular. Bir ildən sonra Hyuston Universitetindən olan qrup Bakıya gəldi. Bu əməkdaşlıq nəticəsində Azərbaycanın üç ən yaxşı universiteti Hyuston Universiteti ilə tələbə mübadiləsinə dair saziş imzaladı. Hyuston Universiteti artıq dörd azərbaycanlı tələbəni qəbul edib. Hyuston Universitetinin tələbələri də öz növbəsində, Bakıda ADA Universitetində oxuya bilərlər.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton