Qax Damazlıq İpəkçilik Stansiyasında yeni mövsümə ciddi hazırlıq görülür VİDEO
Qax, 10 mart, Mustafa Dadaşov, AZƏRTAC
Qədim ənənələrə malik baramaçılığın və ipəkçiliyin dirçəldilməsi ölkə rəhbərliyi tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən olunub. Son illər respublikamızın əksər rayonlarında, o cümlədən şimal-qərb bölgəsində baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Əsaslı şəkildə yenidən qurulan və 2018-ci ilin oktyabrında istifadəyə verilən Qax Damazlıq İpəkçilik Stansiyası ölkədə baramaçılığın inkişafına öz töhfəsini verməkdədir.
AZƏRTAC-ın bölgə müxbiri Damazlıq İpəkçilik Stansiyasında olub, müəssisənin yeni mövsümə hazırlıq işləri ilə maraqlanıb.
Stansiyanın direktoru Əkrəm Fətəliyev bildirib ki, mövsümə hazırlıqla əlaqədar müəssisənin mütəxəssisləri respublikanın baramaçılıqla məşğul olan bütün rayonlarına səfər edib, ipəkqurdunun yemlənməsi üçün nəzərdə tutulan otaqlara baxıb, yemləmənin düzgün təşkili ilə bağlı kümçülərə tövsiyələr veriblər. Hazırda ipəkqurdunun yemlənməsi otaqlarında dezinfeksiya işlərinə hazırlıq görülür. Dezinfeksiya işləri martın sonunadək başa çatdırılacaq.
Müəssisənin direktoru bildirib ki, baramaçılığın inkişaf etdirilməsində onun yem bazasının möhkəmləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə son illər stansiyanın ərazisində 3 hektar sahədə Çin texnologiyası əsasında intensiv tipli tut bağı salınıb, ərazidə bu ölkədən gətirilmiş 30 min ədəd calaq olunmuş ting əkilib. Ötənilki mövsümdə ipəkqurdunun yemlənməsi prosesi zamanı ilk dəfə bağdakı ağacların yarpağından da istifadə olunub. Hazırda bağa aqrotexniki qulluq işləri davam etdirilir, tinglərin dibi yumşaldılır, üzvi gübrə verilir. “Kümçülərdən xahiş edirik ki, çəkil ağaclarına düzgün qulluq etsinlər. Baramaçılıq çox gəlirli sahədir. Bir ay ərzində əziyyət çəkməklə yaxşı gəlir götürə, ailə büdcələrini artıra bilərlər. Bu il kümçülərə dövlət dəstəyi olaraq güzəştli kreditlərin verilməsi də nəzərdə tutulur. Kümçülər müvafiq banklara yaxınlaşaraq illik 7 faizlə kredit götürə bilərlər”, - deyə Əkrəm Fətəliyev əlavə edib.