Qax şəhərindəki 3 nömrəli tam orta məktəb üçün yeni bina tikilir
Qax, 28 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Qax şəhərindəki Vaqif Əliyev adına 3 nömrəli tam orta məktəb üçün 320 şagird yerlik yeni binanın tikintisi sürətlə davam etdirilir. Heydər Əliyev Fondu tərəfindən inşa edilən məktəb binasının yeni dərs ilinin əvvəlində istifadəyə veriməsi nəzərdə tutulur.
Məktəbin direktoru Leyla Rzayeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, uzun illər uyğunlaşdırılmış binada fəaliyyət göstərən məktəb binası son illər istifadə üçün tam yararsız vəziyyətə düşmüşdü. Üç mərtəbədən ibarət yeni məktəb binasının tikintisinə bu ilin martında başlanılıb. Müasir standartlara uyğun inşa edilən yeni məktəb binasında sinif otaqları ilə yanaşı, fənn kabinetləri, laboratoriyalar, kompüter otağı, həmçinin kitabxana, yeməkxana, akt və idman zalları fəaliyyət göstərəcək. Cari dərs ilində məktəbdə 250 şagird təhsil alacaq.