Qax və Daşkəsən rayonlarından Türkiyəyə yardım göndərilib
Gəncə, 13 fevral, Elcan Məmmədov, AZƏRTAC
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində zərər çəkənlərə ölkəmizin hər yerində ümumxalq yardımı davam edir. Digər bölgələr kimi, Qax və Daşkəsən rayonları da qardaş ölkəyə bu yardım aksiyasına qoşulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qardaş Türkiyəyə yola salınmaq üçün Qax və Daşkəsən Rayon İcra hakimiyyətlərinin xətti ilə humanitar yardımlar fevralın 13-də Gəncə şəhərində təyin olunmuş məntəqəyə təhvil verilib.
Qax rayon icra hakimiyyəti başçısının birinci müavini Tahir İsmayılov bu yardımların davamlı olacağını bildirərək deyib: “Türkiyədə baş verən zəlzələ nəticəsində qardaşlarımızın, bacılarımızın dərdinə şərik olmağa, onlara dəstək verməyə çalışırıq. Gətirilən humanitar yardıma uşaqlar üçün isti geyimlər, həmçinin yataq dəstləri, qızdırıcılar və qida məhsulları daxildir”.
Qeyd edək ki, toplanan yardımlar könüllülər tərəfindən çeşidlənir, qablaşdırılır, avtomobillərə yüklənərək qardaş ölkəyə yola salınır.
“Azərbaycan zəlzələ baş verən ilk andan qardaş türk xalqının yanında olduğunu bəyan etdi. Biz də Daşkəsən Rayon İcra Hakimiyyəti olaraq qida məhsulları, qış geyimləri, generatorlar, qızdırıcılar, çadır, ərzaq, dərman ləvazimatları və digər əşyalar gətirmişik”, - deyə Daşkəsən rayon icra hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov deyib.
Qardaş Türkiyəyə yola salınmaq üçün ölkəmizin bütün bölgələrindən humanitar yardımların göndərilməsi davam edir.