Qaxda soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Qax, 29 mart (AZƏRTAC). 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar martın 29-da Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının qərargahında konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş həmvətənlərin məzarları üzərinə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Rayon prokuroru İslam Qasımovun “31 mart - Azərbaycanlıların soyqırımı günüdür” mövzusunda məruzəsində xalqımıza qarşı əsrlər boyu davam edən soyqırımı siyasətinin mahiyyəti və tarixi kökləri barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. 1905-1907-ci illərdə Bakıda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin öz çirkin və məkrli niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı siyasətinin ilkin mərhələsi idi. 1915-ci ildən 1920-ci ilədək olan dövrə təsadüf edən ikinci mərhələdə erməni quldur dəstələri yenə də Bakıda və qəzalarda misli görünməmiş soyqırımı həyata keçirmişlər.
Bildirilmişdir ki, ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti sonrakı illərdə də davam etmişdir. 1948-1953-cü illərdə, nəhayət 1988-ci ildə yüz minlərlə azərbaycanlı Ermənistandan qovulmuşdur. Təcavüzkar ermənilərin apardıqları işğalçılıq müharibəsi nəticəsində torpaqlarımızın 20 faizi zəbt edilmiş, 20 minədək soydaşımız şəhid olmuş, bir milyona yaxın həmvətənimiz doğma torpaqlarından didərgin düşmüşdür.
Konfransda çıxış edənlər xalqımıza qarşı əsrlər boyu davam edən soyqırımı siyasətinin tarixi kökləri barədə danışmış, soyqırımı hadisələrinə, erməni millətçilərinin qanlı cinayətlərinə hüquqi-siyasi qiymət verilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulamışlar. Natiqlər soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması istiqamətində Prezident İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişlər.