REGİONLAR
Qaxda torpaq kanal beton üzlüyə alınır, Kürmük çayında bənd tikilir VİDEO
Bakı, 15 dekabr, AZƏRTAC
Qaxda torpaq kanal beton üzlüyə alınır, Kürmük çayında bənd tikilir.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, son illər Qax rayonunda meliorativ tədbirlər sürətlə davam edir. Bu işlərə əsasən suvarma kanalları lildən təmizlənir, beton üzlüyə alınır, çay məcraları təmizlənir və daş-beton bəndlər tikilir. Əvvəllər torpaq məcralı olan Qıpçaq kanalının 750 metrinin beton üzlüyə alınması ilə su itkisi minimuma endirilir. Bununla da, əkin sahələrinə verilən suvarma suyu normalara uyğun çatdırılır. Hazırda Qax Suvarma Sistemləri İdarəsi tərəfindən rayonun Qıpçaq kəndi ərazisində bu işlər davam etdirilir. Əvvəlki illərdə əkin sahələrinin suvarılmasında çətinliklər yaranırdısa, artıq bu problem aradan qaldırılıb.
Qax Suvarma Sistemləri İdarəsi tərəfindən rayon ərazisində suvarmanın yaxşılaşdırılması istiqamətində görülən işlərlə paralel olaraq selə qarşı mübarizə tədbirləri də həyata keçirilir. Belə ki, zaman-zaman sel gələn Kürmük çayında məcra təmizləmə, o cümlədən daş beton bənd tikilir. Bununla da ətraf ərazilər yarana biləcək sel təhlükəsindən qorunmuş olur.
Qeyd edək ki, Qax Suvarma Sistemləri İdarəsi tərəfindən cari ildə 650 kub daş beton, 750 metr uzunluqda Qıpçaq kanalının beton üzlüyə alınması, kanallarda 200 min kubmetrdən artıq lildən təmizləmə və 300 min kubmetrdən artıq məcra təmizləmə işləri görülüb. Bundan başqa, bir artezian quyusu əsaslı təmir olunub, digər quyularda isə cari təmir işləri aparılıb.