ELM VƏ TƏHSİL
“Qazaxca-monqolca lüğət” və “Monqolca-qazaxca lüğət” kitabları nəşr edilib
Bakı, 31 oktyabr, AZƏRTAC
Monqolustanın paytaxtı Ulan-Batorda tanınmış altayşünas alim Bukatuli Bazılıxan (1932–2012) və Beynəlxalq Türk Akademiyasının eksperti Napil Bazılıxan tərəfindən hazırlanmış “Qazaxca-monqolca lüğət” və “Monqolca-qazaxca lüğət” kitabları çap edilib.
Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildirilib ki, bu lüğətlər Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Monqolustana dövlət səfəri zamanı nəşr olunub. Nəşri Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux dəstəkləyib. Əsərin “Ön söz”ünü Monqolustan Prezident Şurasının rəhbəri Qomboyazavın Zandanşatar yazıb.
Hər bir lüğət təqribən 60 min sözdən ibarətdir və müasir leksikoqrafik standartlara cavab verir. Bu isə onları altayşünaslıq, türkologiya, qazaxşünaslıq və monqolşünaslıq üzrə tədqiqatlar üçün dəyərli elmi qaynaq edir.
Lüğətlərin elmi redaktoru Monqolustan Prezidenti yanında Dil Siyasəti üzrə Milli Şuranın rəhbəri filologiya elmləri doktoru Narangerel Nyamkhügiindir.