İQTİSADİYYAT
Qazaxıstan Senatı TDT ölkələri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasına dair Sazişi ratifikasiya edib
Astana, 13 sentyabr, AZƏRTAC
Senatın (Qazaxıstan parlamentinin yuxarı palatası) deputatları plenar iclasda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında Sazişi ratifikasiya ediblər.
AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, senator Nurlan Bekenovun sözlərinə görə, 2024-cü ilin 8 ayı ərzində Qazaxıstanın TDT-ə üzv dövlətlərlə xarici ticarətinin həcmi 10,4 milyard dollar təşkil edib. O əlavə edib ki, sənədin ratifikasiyası Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr arasında iqtisadi-ticari əlaqələrin inkişafına və qarşılıqlı iqtisadi inteqrasiyanın gücləndirilməsinə töhfə verəcək”.
Bekenov qeyd edib ki, sənəd iştirakçı dövlətlər arasında mal və nəqliyyat vasitələrinə gömrük nəzarətinin sürətləndirilməsinə yönəlib və bu, beynəlxalq ticarətin inkişafına müsbət təsir göstərəcək. O deyib: “Sazişin əsas məqsədləri gömrük əməliyyatlarını sürətləndirmək, tələb olunan sənədlərin sayını azaltmaq və risklərin idarə edilməsi sistemindən istifadə etməklə nəzarət formalarını minimuma endirməkdir”.
AZƏRTAC-ın xüsusi müxbiri
Astana