Qazaxıstanda atom energetikası, İT və PUA konstruksiyası üzrə mütəxəssislər hazırlanacaq

Astana, 11 fevral, AZƏRTAC
Qazaxıstan kolleclərdə atom energetikası, həmçinin İT mütəxəssisləri və pilotsuz uçuş aparatlarının (PUA) konstruksiyası üzrə Çinin təlim proqramı əsasında mütəxəssislər hazırlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın təhsil naziri Qani Beysembayev “İşçi peşələri şəhəri” festivalının açılışında məlumat verib. O deyib: “İşçi peşələri ilinin əsas hadisələrindən biri ölkədə 10 kollecin beynəlmiləlləşdirilməsi olacaq. Əsas məqsəd onların qlobal səviyyədə rəqabət qabiliyyətini artırmaq və təhsil proqramlarını beynəlxalq standartlara uyğunlaşdırmaqdır”.
Bundan əlavə, texniki və peşə təhsili sahəsində tələbələrə dəstək olmaq və bu sahəni inkişaf etdirmək üçün Astanada Milli Səlahiyyətlər Mərkəzi yaradılacaq.
Qeyd edək ki, texniki və peşə təhsili sahəsində ən böyük tədbir olan “İşçi peşələri şəhəri” festivalı Qazaxıstanda elan edilmiş “İşçi peşələri ili” çərçivəsində keçirilir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana