Qazaxıstanlı doktorantlar AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təcrübə keçirlər
Bakı, 3 mart, AZƏRTAC
Qazaxıstan Respublikasının Qorqud Ata adına Qızıl Orda Dövlət Universitetinin doktorantları AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olublar. Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Bildirilib ki, Qızıl Orda Dövlət Universitetinin üç doktorantı martın 14-dək Torpaqşünaslıq və Aqrokimya İnstitutunda meliorasiya, torpaqların mühafizəsi və rekultivasiyası ixtisası üzrə elmi təcrübə keçəcək.
Doktorantlar institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyevlə görüşüblər. Ə.Quliyev doktorantlara institutda hər cür şərait yaradıldığını bildirib və onlara uğurlar arzulayıb.
Qazaxıstanlı doktorantlar institutun Torpaqların meliorasiyası laboratoriyası və kitabxanası ilə tanış olublar.
Qeyd edək ki, 2019-cu il dekabrın 23-də Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Qızıl Orda Dövlət Universiteti arasında memorandum imzalanıb. Memorandumda birgə magistrant, fəlsəfə və elmlər doktorlarının hazırlanması, elmi seminarların təşkili, təcrübə mübadilələrinin aparılması və s. məsələlərin yerinə yetirilməsi nəzərdə tutulur.