QAZAYIRICI QURĞULAR İSTEHSALATDA UĞURLA TƏTBİQ OLUNUR
Akademiyadan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, qazayırıcı qurğulardan təbii üsulla yerdən çıxan karbon qazı ilə zəngin mineral suların şüşələrə doldurulması prosesində qaz itkisinin qarşısını almaq üçün istifadə edilir. Bu qurğuların vasitəsilə təbii karbon qazını mineral su yatağından almaq və qaz itkisini aradan qaldırmaq mümkündür. Sonradan mineral suların tərkibinə vurulan karbon qazı ekoloji cəhətdən təmiz, iqtisadi cəhətdən ucuz başa gəlir.
Qazayırıcı qurğular hazırda Naxçıvan MR-in Sirab mineral sular və Darıdağ karbon qazı zavodlarında tətbiq olunur. Bu qurğularla toplanan karbon qazını yeyinti sənayesində, quru buzun alınmasında və meyvə-tərəvəzin anbarlarda uzun müddət saxlanılmasında istifadə etmək daha sərfəlidir. Bundan əlavə, həmin proses atmosferə buraxılan qazların istilik yaratmasının qarşısını alır və ekoloji mühiti sağlamlaşdırır.