QDİƏT Parlament Məclisinin sessiyasında Bakının EXPO-2025-ə iddialı olduğu qeyd edilib
Kiyev, 29 noyabr, AZƏRTAC
Azərbaycan EXPO-2025 beynəlxalq sərgisinin Bakıda keçirilməsində iddialıdır. Bu sərgi inkişaf etmiş ölkələrdə keçirilir. Azərbaycan isə müstəqillik əldə etdikdən sonra güclü inkişaf edib.
AZƏRTAC xəbər verir ki, bu fikri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Kiyevdə keçirilən 50-ci sessiyasında çıxışı zamanı Milli Məclisin qurumdakı nümayəndə heyətinin rəhbəri Eldar Quliyev söyləyib.
E.Quliyev bildirib ki, EXPO-2020 üçün Azərbaycan ilə yanaşı, Rusiya, Yaponiya və Fransa da namizədliyini irəli sürüb. Ancaq onu qeyd edim ki, bu sərgi Yaponiyada 5, Fransada isə 4 dəfə keçirilib. Azərbaycan isə ilk dəfə belə bir sərginin Bakıda keçirilməsində maraqlıdır. “EXPO-2025 beynəlxalq sərgisinin hansı ölkədə keçiriləcəyinə dair səsvermə 2018-ci ilin noyabrında baş tutacaq. Biz bütün ölkələri Azərbaycana səs verməyə çağırırıq”, - deyə E.Quliyev əlavə edib.
Azərbaycanın iqtisadi cəhətdən uğurlarına toxunan E.Quliyev bildirib ki, 2017-ci ilin yanvar-sentyabr aylarında ölkəmizin Qara Dəniz ölkələri ilə ticarət dövriyyəsi 4,6 milyard dollara çatıb. Azərbaycanın ümumi ticarət dövriyyəsinin 32,32 faizi Qara Dəniz ölkələri ilədir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev