QDİƏT Parlament Məclisinin sessiyasında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışılıb
Kiyev, 30 noyabr, AZƏRTAC
Azərbaycanda taleyinə qaçqınlıq payı düşən 10 minlərlə gənc var. Çünki Ermənistan Azərbaycan ərazisinin bir hissəsini işğal edib.
AZƏRTAC xəbər verir ki, bu fikri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Kiyevdə keçirilən 50-ci sessiyasında çıxışı zamanı Milli Məclisin qurumdakı nümayəndə heyətinin üzvü Jalə Əliyeva deyib.
Azərbaycan torpaqlarının təxminən 30 ilə yaxındır işğal altında olduğunu deyən J.Əliyeva bildirib ki, gənclik yaşının təxminən 15-35 arasında olduğunu nəzərə alsaq, o zaman tam mənzərə ortaya çıxar.
Azərbaycan gənci işğalla eyni yaşdadır. Onlar vətən həsrəti ilə yaşayırlar. Onlar öz doğma torpaqlarına qayıtmaq istəyirlər. Azərbaycan dövləti onların hüquqlarının geri qaytarılması üçün bütün imkanlarını səfərbər edib.
Jalə Əliyeva bildirib ki, beynəlxalq təşkilatlar işğalçılara qarşı sanksiyalar tətbiq etməli və onların işğalçılıq siyasətinə son qoymalıdır. Əks halda, Azərbaycan öz hüququndan istifadə edib güc yolu ilə işğal altında olan torpaqlarını azad edəcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev