Qəbələ məktəblisi “Məktəblilərarası Milli Hakaton – 2025” müsabiqəsində ikinci yeri tutub
Şəki, 3 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ şəhər Şirvan Bulqədirov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi Tunar Hacızadə Elm və Təhsil Nazirliyinin dəstəyi və “Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin təşkilatçılığı ilə keçirilən “Məktəblilərarası Milli Hakaton – 2025” müsabiqəsində 2-ci yeri tutub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
Qeyd edək ki, müsabiqəyə ölkənin 63 regionundan 350 mindən çox məktəbli qatılıb. Onlardan 300-ü final mərhələsində iştirak edib. Finalda komandalar turizm, ekologiya, maliyyə, mədəniyyət və incəsənət sahələri üzrə hazırladıqları veb-sayt, mobil tətbiq və oyun formatlı layihələrlə çıxış ediblər.
Qurumun əməkdaşının məlumatına görə, Şəki-Zaqatala Regional Təhsil İdarəsi müsabiqənin yarımfinal mərhələsində iki məktəbli ilə təmsil olunub. Onlardan biri finala yüksələrək komanda ilə birlikdə ikinci yerə layiq görülüb.
“Məktəblilərarası Milli Hakaton – 2025”in əsas məqsədi şagirdlərdə proqramlaşdırma və rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, yaradıcı və istedadlı şagirdləri üzə çıxarmaq, onların gələcək inkişaf imkanlarını genişləndirmək olub.