Qəbələdə anım tədbiri: 20 Yanvar - Tariximizin hüzn və qürur səhifəsi
Qəbələ, 19 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
20 Yanvar faciəsi, eyni zamanda, xalqımızın tarixində qəhrəmanlıq, qürur səhifəsidir. Həmin dəhşətli gecədə şəhid olan Vətən övladları Azərbaycanın tarixinə şanlı səhifə yazıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Qəbələ rayon Mədəniyyət Mərkəzində keçirilən “Tariximizin hüzn və qürur səhifəsi” adlı tədbirdə səsləndirilib.
Mədəniyyət işçilərinin iştirakı ilə keçirilən tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər 20 Yanvar hadisələrinin cinayətkar mahiyyəti, onu doğuran səbəblər, faciənin acı nəticələri barədə məlumat veriblər. Bildirilib ki, ərazi bütövlüyümüzə qarşı yönəlmiş təcavüzə etiraz edən, müstəqillik ideyaları uğrunda mücadilə aparan Azərbaycan xalqının inam və iradəsini qırmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı ən qanlı cinayətlərdən biri törədilib.
Vurğulanıb ki, 20 Yanvar hadisəsi xalqımız üçün təkcə böyük faciə deyil. Qanlı Yanvar, eyni zamanda, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixində qəhrəmanlıq salnaməsi, qürur səhifəsidir. 20 Yanvar, həm də xalqımızın istiqlal mücadiləsinin qələbəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür.
Sonda “Tariximizin hüzn və qürur səhifəsi” adlı videoçarx nümayiş olunub, 20 Yanvar faciəsinə həsr olunmuş sərgiyə baxış keçirilib.