Qəbələdə milli-mənəvi dəyərlərə həsr edilən bilik müsabiqəsi təşkil olunub
Bakı, 29 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması ictimai birliyi tərəfindən icra olunan "Milli sərvətimiz - mənəvi dəyərlərimiz" adlı layihəsi davam edir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir Qəbələ şəhərində gənclər arasında milli-mənəvi dəyərlər istiqamətində intellektual bilik müsabiqəsi formatında keçirilib.
Qəbələ şəhərində fəaliyyət göstərən “İntellektual İnkişaf Naminə” ictimai birliyinin sədri Həzi Aslanov layihənin əhəmiyyəti, gənclər arasında bu istiqamətdə maarifləndirmə işinin aparılmasının vacibliyindən danışıb.
"Elin Səsi" ictimai birliyinin sədr müavini Qorxmaz Paşayev layihə çərçivəsində görüləcək işlərdən və təşkilatın milli-mənəvi dəyərlər sahəsində gördüyü işlər haqqında məlumat verib. Q.Paşayev mütəmadi olaraq təşkilatın gənclərdə milli vətənpərvərlik hisslərinin aşılanması, tariximizin, mədəniyyətimizin və milli dəyərlərimizin təbliği istiqamətində işlər gördüyünü bildirib.
İctimai birliyin sədri Elvin Talışınski milli-mənəvi dəyərlərimizin qorunmasının, vətənpərvərlik hisslərinin yeniyetmə və gənclərə aşılanmasının vacibliyini vurğulayıb. O, həmçinin yeniyetmə və gənclərin milli-mənəvi dəyərlərə bağlılığının formalaşdırılmasına həsr olunan müsabiqənin şərtləri haqqında geniş şəkildə məlumat verib.
Çıxışlardan sonra müsabiqəyə start verilib. Müsabiqədə hərəsində 5 nəfər olmaqla 6 komanda iştirak edib. Gərgin mübarizədən sonra komandalar arasından “İntellektual” komandası 1-ci, “Mübarizlər” komandası 2-ci, “Bayraktar” komandası 3-cü yerin qalibi olub. Qalib komandalara mükafatlar, fəxri fərmanlar, iştirak edən digər komandalara isə sertifikatlar təqdim olunub.