“Qəbələ”nin baş məşqçisi: Vacib qələbə qazandıq
Bakı, 3 fevral, AZƏRTAC
Oyuna çox ciddi hazırlaşmışdıq. İlk dövrə başa çatandan sonra futbolçularda məsuliyyəti hiss etmişdik. Həm Bakı, həm də Türkiyədəki hazırlıqdan maksimum faydalanmağa çalışdıq. Yoxlama oyunları bizdə inam yaratdı ki, ikinci yarıya qələbə ilə başlaya bilərik. Bugünkü görüşə də yaxşı başladıq. Bu da daha çox qələbə qazanmaq istəyimizlə bağlı idi. Vacib qələbə qazandıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qəbələ” futbol klubunun baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının XV turunda “Sumqayıt” komandasına qarşı keçirdiyi (1:0) oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
Baş məşqçi, həmçinin bildirib: “Düşünürəm ki, vacib qələbə qazandıq. “Sumqayıt” yaxşı təşkil olunmuş, əks-hücumlarda sürətli komandadır. Biz rəqibin oyununu analiz etmişdik. Futbolçular tapşırıqları layiqincə yerinə yetirdilər, rəqibin əks-hücumlarının qarşısını ala bildilər. Artıq növbəti oyunlara hazırlaşmalıyıq. Bu oyunu analiz edib səhvləri düzəltməyə çalışacağıq. Amin Seydiyev məşqlərdə özünü çox yaxşı tərəfdən göstərirdi. Matçlarda oynamasa da, çox istəkli idi. Türkiyədəki yoxlama oyunlarında da belə oldu. Bu gün ondan razı qaldım”.
Qeyd edək ki, mətbuat konfransından qabaq “Qəbələ” klubunda baş məşqçi dəyişikliyi barədə məlumat verilib. Bu addım UEFA-nın Lisenziyalaşdırma tələblərinə uyğun olaraq atılıb. Belə ki, komandanın baş məşqçisi Sənan Qurbanovun “Pro” lisenziyası olmadığından, bu vəzifənin icraçısı kimi rəsmi sənədlərdə “Pro” kateqoriyalı köməkçi-məşqçi Zaur Həşimov göstəriləcək.
Lakin iş bölgüsündə hər hansı dəyişiklik aparılmayacaq. Yenə Sənan Qurbanov baş məşqçi, Zaur Həşimov məşqçi səlahiyyətlərinə malik olacaq.