Qərb Ukraynada baş tutmayan siyasətini Gürcüstanda həyata keçirmək istəyir ŞƏRH
Bakı, 25 oktyabr, AZƏRTAC
Qərb cidd-cəhdlə Gürcüstanda öz nüfuzunu qaldırmaq üçün Ukrayna kimi bir presedent yaratmağa çalışır. ABŞ və Qərb Ukraynada baş tutmayan siyasətini Gürcüstanda həyata keçirmək istəyir. Gürcüstanı addımlarını diktə altında atmağa məcbur etmək istəyirlər. Qərb öz təsirindən istifadə edərək siyasi proseslərə təzyiq göstərməyə çalışdığı bir anda Rusiyanın özü də seçkilərə bu və ya digər şəkildə müdaxilə etmək istəyir. Bununla belə, gürcü vətəndaşları seçim etməsələr Qərbin hər hansı ciddi nailiyyət əldə edə biləcəyi inandırıcı görünmür. Seçim gürcü xalqınındır, xalq öz gələcəyini özü müəyyən edəcək. Gürcü xalqı çalışacaq ki onları qane edən müstəqil parlamentin seçilməsinə nail olsun.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev səsləndirib.
Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin bir neçə partiya arasında siyasi mübarizəsindən danışan deputat əlavə edib: “Cənubi Qafqazda geosiyasi vəziyyətə baxdıqda görünür ki, bu seçkilər geostrateji əhəmiyyətə malikdir. Qərbin apardığı siyasət tək Gürcüstana aid deyil, onlar Cənubi Qafqazda nüfuz sahibi olmağa, buna görə də bir sıra dövlətlərdən istifadə etməyə cəhd göstərirlər. Bu, Ermənistanda müəyyən qədər mümkün olub. Qərb Gürcüstana da təzyiq etməklə regionda nüfuz sahibi olmağa çalışır”.
Gürcüstanın Azərbaycan üçün həm tərəfdaş, həm də dost dövlət olduğunu hesab edən Arzu Nağıyev deyib: “Bu, parlament səviyyəsində də inkişaf edir, iqtisadi sahələrdə birgə layihələrimiz mövcuddur. Orada yaşayan azərbaycanlılarla bağlı çox mühüm layihələr həyata keçiriləcək. Eyni zamanda, yeni infrastrukturlarda Azərbaycan şirkətlərinin çalışması bu regionun inkişafına mühüm töhfələr verir. Bir sözlə, bizim əlaqələrimiz həm iqtisadi, həm siyasi, həm də hərbi təlimlərin birgə keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.