ELM VƏ TƏHSİL
Qərbi Azərbaycan kəndləri – Mehrablı
![](/files/galleryphoto/2024/1/1200x630/17053172932596136922_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17053172932696522218_1200x630.jpg)
Bakı, 15 yanvar, AZƏRTAC
Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan kəndləri ilə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycan kəndləri” silsiləsindən növbəti yazısını təqdim edir.
Mehrablı kəndi Gərnibasar mahalının düzənlik hissəsində, Qəmərli rayonunun mərkəzi olan Qəmərli (indi Artaşat) şəhərindən 11 kilometr şimalda, Gərni çayının sol kənarında, Zöhrablı kəndi yaxınlığında yerləşir.
1828-ci ilə qədər kənddə ancaq azərbaycanlılar yaşayıblar. 1828-1829-cu illərdə kəndə İrandan köçürülmüş ermənilər yerləşdirilib və o vaxtdan kənddə həm də ermənilər yaşayıblar.
“İrəvan əyalətinin icmal dəftəri“ndə (1728) Gərni nahiyəsinin Zöhrablı kəndi yaxınlığında Mehrablı kəndi kimi qeydə alınıb, kəndin Ömər adlı şəxsin timarı olduğu və bu timar-kənddən dövlətin müxtəlif vergilər şəklində ildə 6 min ağça gəlir götürdüyü göstərilib.
İ.Şopendə (1832) və bütün sonrakı mənbələrdə kəndin adı Mehrablı şəklindədir.
Yeri gəlmişkən, kəndin adındakı Mehrab komponentinin ərəb dilində “mehrub“ sözündən olub, “dağıdılmış, uçurulmuş qala“, “xarabalıq“ mənaları bildirməsi fikri (B.Budaqov, Q.Qeybullayev) ilə razılaşmırıq. Təcrübədən də göründüyü kimi, Qərbi Azərbaycan ərazisində xaraba qalmış onlarla belə kənd həmişə “Xaraba...“ adı ilə tanınıb, hər hansı bir dildəki “mehrub“ və ya başqa bir sözə ehtiyac olmayıb.
Biz tədqiqatçı S.Mirmahmudovanın kəndin öz adını onun əsasını qoymuş nəslin adından alması fikrini müdafiə edirik. Bununla belə, toponimin dilimizə ərəb dilindən keçib geniş işləklik qazanan mehrab sözündən yaranmasını da istisna etmirik. Xatırladaq ki, mehrab - məscidlərin qiblə tərəfki divarında namaz qılarkən pişnamazın və onun ardınca başqa namaz qılanların üz çevirdikləri xüsusi oyuq yerə deyilir. Belə olan halda çox mümkündür ki, keçmişdə bu kənddə mehrabı olan hansısa qədim bir ibadətgah olub, kənd də öz Mehrablı adını buradan alıb.
1826-1829-cu illər Rusiya-İran və Rusiya-Osmanlı müharibələri zamanı yerli əhali kəndi tərk etməyə məcbur olub. Rus işğalçıları kəndi zəbt elədikdən sonra orada İrandan gətirilmiş erməni ailələri yerləşdirilib. Ona görə də 1831-ci ildə kənddə ancaq 28 təsərrüfatda 118 nəfər (62 kişi, 56 qadın) İrandan gəlmə erməni qeydə alınıb.
1873-cü ildə Mehrablının mülkədar kəndi olduğu, burada 18 təsərrüfatda 101 (57 kişi, 44 qadın) erməninin yaşadığı göstərilib. 1886-cı ildə isə kənddə 24 təsərrüfatda 118 nəfər (62 kişi, 56 qadın) yaşayıb. 1945-ci il avqustun 20-də Mehrablı kəndinin adı dəyişdirilərək Vardaşen qoyulub.