Qərbin müdaxilə cəhdlərinə baxmayaraq, Gürcüstan xalqının iradəsi üstün gəldi RƏY
Bakı, 28 oktyabr, AZƏRTAC
Gürcüstanda parlament seçkilərinin nəticələrinə görə, “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası qalib gəldi. Bu nəticə gürcü xalqının siyasi iradəsini açıq şəkildə əks etdirir. Seçkilərdən əvvəlki prosesdə Qərb ölkələri və beynəlxalq təşkilatların Gürcüstanın daxili qanunvericilik prosesinə və qeyri-hökumət təşkilatlarının fəaliyyətinə müdaxilə cəhdləri müşahidə olunurdu. Müdaxilələr, həmçinin bəzi ölkələrin səfirlərinin çıxışlarında da özünü göstərib. Misal olaraq, Gürcüstanın qeyri-hökumət təşkilatlarına dair qanunvericilik təklifi barədə ABŞ səfirinin “bu cür qanuna ehtiyac yoxdur” kimi açıqlaması buna nümunədir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin nümayəndəsi Fuad Kərimli söyləyib.
Qalib partiya olaraq “Gürcü Arzusu”nun Gürcüstan üçün müstəqil siyasət yürütmək potensialına malik olduğunu deyən Fuad Kərimli əlavə edib: “Partiya nümayəndələri bildirir ki, Gürcüstanın daxili və xarici siyasəti yalnız gürcü xalqının və onların seçdiyi siyasi qüvvələrin iradəsinə uyğun olaraq formalaşmalıdır. Bu yanaşma, Azərbaycan ilə Gürcüstan arasında regionda sülh və əməkdaşlıq imkanlarının gücləndirilməsinə töhfə verə bilər”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin nümayəndəsi “Gürcü Arzusu” Partiyasının müstəqil siyasət prioritetini Gürcüstanın Qərb ölkələrinin potensial “müstəmləkəsi” olma ehtimalını ortadan qaldırmağa yönəlmiş mühüm bir addım kimi dəyərləndirərək deyib: “Bu siyasət həm Gürcüstan, həm də bütövlükdə region üçün əhəmiyyətli bir prosesin başlanğıcı hesab olunur. Ekspertlər ümid edirlər ki, bu cür müstəqillik yönümlü proseslər davam edəcək və Cənubi Qafqazda sülhün, inkişafın xarici müdaxilələrdən daha üstün olacağını göstərəcək”.