Qeyri-hökumət təşkilatlarının iştirakı ilə ekoloji problemlərin aradan qaldırılması yolları müzakirə edilmişdir
Bakı, 28 dekabr (AZƏRTAC). Ekologiya və təbii sərvətlər naziri yanında yaradılmış ictimai ekoloji şuranın iclasında həlli vacib ekoloji problemlərin aradan qaldırılması yolları müzakirə edilmiş, bu sahədə qeyri-hökumət təşkilatları ilə birgə təkliflər hazırlanmışdır.
Şuranın iclasında milli parkların ərazisinə girişin tənzimlənməsi ilə əlaqədar bir sıra qeyri-hökumət təşkilatları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olmuş təkliflərlə bağlı məlumat verilmişdir.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, milli parklarda elmi işçilərdən, qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət qəyyumlar şurasının yaradılması, birgə monitorinqlərin keçirilməsi, turistlər üçün yeni marşrutların işlənib hazırlanması məsələləri müzakirə olunmuşdur.
İclasda “Avropa İttifaqının qonşuluq siyasəti: Şərq ölkələri və Rusiyanın meşə sektorunda hüquq tətbiqi və idarəetmə sisteminin təkmilləşdirilməsi” layihəsi müzakirə edilmişdir. Son illərdə meşələrin bərpası və mühafizəsi sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərin, o cümlədən ağacların qanunsuz kəsilməsinə qarşı mübarizənin gücləndirilməsi, habelə açıq sahələrdə nazirliyin müvafiq strukturları tərəfindən yetişdirilən tinglərin əkilməsi hesabına Azərbaycanda meşə ilə örtülü ərazilərin sahəsinin 11,4 faizdən 11,8 faizə çatdırılması müsbət hal kimi qiymətləndirilmişdir.
Şurada, həmçinin “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının bərpası” layihəsinin icra vəziyyəti ilə əlaqədar məlumat verilmişdir. Reintroduksiya olunmuş ceyranların hərəkətinə siqnalötürücü vasitələrlə nəzarət olunduğu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
İclasın sonunda qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birgə bir sıra milli parklarda və meşə ərazilərində, həmçinin reintroduksiya olunmuş ceyranların quru və hava nəqliyyatı vasitəsilə yayılma areallarını və hərəkət yollarını müəyyənləşdirmək üçün monitorinqlərin keçirilməsi qərara alınmışdır.