SİYASƏT
Qeyri-müsəlman icmaları ilə daha çox əməkdaşlıq etmək lazımdır - Professor
Bakı, 16 AZƏRTAC
İslamın şeytan cildinə salınmasının şahidi oluruq. İslam dini siyasi maraqları özündə ehtiva edirdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Niderlanddan Media və Kommunikasiya üzrə professor, Qlobal Media və Kommunikasiya üzrə Proqram Direktoru İdil Osman “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində “İslamofobiya və mediada nifrət çağırışları” adlı aralıq sessiyada çıxışı zaman deyib.
O bildirib ki, 11 sentyabr terror aktları Qərb mediasında İslam dini ilə bağlı düşüncələri alt-üst elədi. İslam dini fərqli şəkildə qələmə verildi. Müsəlmanların Qərbi məhv etmək, onun mədəniyyətini dağıtmaq istədikləri düşünülür. Onlar fikir azadlığına bir təhdid kimi görülür.
İslamofobiyaya qarşı mübarizə yolları barədə fikirlərini səsləndirən İdil Osman qeyd edib ki, qeyri-müsəlman icmaları ilə daha çox əməkdaşlıq etmək lazımdır. Eyni zamanda, müsəlman cəmiyyətləri ilə də əlaqələr daha da genişləndirilməlidir: "Praktiki olaraq daha çox müsəlman mediasının nümayəndələri Qərbə getməli, orada çalışmalıdırlar. Bu məsələdə sosial media plaftormalarının da əhəmiyyəti olduqca böyükdür. Bundan maksimum faydalanmalıyıq. Müsəlman icmaları ilə kütləvi şəkildə işlənilməlidir”, - deyə İdil Osman qeyd edib.