QHT-LƏRİN FƏALİYYƏTİNİ NİZAMLAYAN QANUN LAYİHƏLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
Beynəlxalq təşkilatların, milli QHT nümayəndələrinin, yerli və xarici ekspertlərin iştirak etdikləri tədbirdə Azərbaycan Milli QHT Forumunun prezidenti, Milli Məclisin deputatı Azay Quliyev və başqaları qurumun ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Vətəndaş Cəmiyyəti Layihəsinin dəstəyi ilə QHT qanunvericilik bazasının təkmilləşdirilməsi üzərində iş apardığını söyləmişlər. Bildirilmişdir ki, QHT-lərin fəaliyyətini birbaşa və dolayısı ilə nizamlayan 3 qanun layihəsi və bəzi qanunlara əlavə və dəyişikliklər hazırlanmış, sənədlər bugünkü müzakirələrdən sonra beynəlxalq ekspertlərə veriləcək və tam hazır olandan sonra bu ilin payızında Milli Məclisə təqdim olunacaqdır. Yeni qanunların qəbulunun ölkədə vətəndaş cəmiyyətinin güclənməsində mühüm rol oynayacağı diqqətə çatdırılmışdır.
İşçi qruplarının rəhbərləri “İctimai birliklər”, “Fondlar” və ”Xeyriyyəçilik fəaliyyəti” haqqında qanun layihələrinin hazırlanması, həmçinin QHT-lərin fəaliyyətinin hüquqi tənzimlənməsi ilə bağlı bəzi qanunvericilik aktlarının təkmilləşdirilməsi üzrə təkliflər barədə məlumat vermişlər.
Sonra qruplar üzrə qanun layihələrinin müzakirəsi başlanmışdır.