CƏMİYYƏT
Qida məhsulları sahəsində Türkiyə ilə əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunub
![](/files/galleryphoto/2023/3/1200x630/17020451955984060284_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17020451954925449841_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17020451952864554580_1200x630.jpg)
Bakı, 8 dekabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı respublikamızda qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu sahədə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfirə ətraflı məlumat verilib.
Görüşdə bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanundan irəli gələn tələblər çərçivəsində iki ölkənin müvafiq qurumları arasında həyata keçirilən işlərə nəzər salınıb. Bildirilib ki, həmin qanunun tələbləri barədə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi məlumatlandırılıb. Bu vaxtadək agentliyə Türkiyədə fəaliyyət göstərən 83 müəssisə tərəfindən təsdiq üçün müraciət olunub. Müraciətlər əsasında 10 müəssisədə qiymətləndirmə aparılıb və həmin obyektlər Qida Təhlükəsizliyi Reyestrinə daxil edilib. Digər müraciətlər üzrə də müvafiq işlər həyata keçirilir.
Görüş zamanı ticarət əməkdaşlığının artırılması və idxal-ixrac prosedurlarının sadələşdirilməsi məqsədilə hər iki ölkədə fəaliyyət göstərən qida obyektlərinin, o cümlədən heyvan mənşəli məhsulların istehsalı və emalı müəssisələrinin təsdiqi sisteminin ekvivalentliyinin tanınması məsələləri də müzakirə edilib. Eləcə də respublikamızdan Türkiyəyə ixrac olunan heyvan mənşəli məhsulların növünün və sayının artırılması ətrafında fikir mübadiləsi aparılıb.
Qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.