“Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 44 qanuna dəyişiklik ediləcək
Bakı, 5 mart, AZƏRTAC
“Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar bəzi qanunlarında dəyişiklik ediləcək.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin martın 5-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Ölkəmizdə insanların həyat və sağlamlığın qorunması, istehlakçıların hüquqlarının müdafiəsi, bu sahədə qanunvericiliyin ölkənin üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş beynəlxalq standartlara, norma və qaydalara uyğunlaşdırılması, yerli qida və yem məhsullarının rəqabət qabiliyyətliliyinin və ixrac potensialının artırılması, habelə qida və yem məhsullarının istehsalı, emalı, dövriyyəsi və utilizasiyası sahəsində sahibkarlığın inkişafı üçün şəraitin yaradılması məqsədilə 2022-ci il mayın 5-də “Qida təhlükəsizliyi haqqında” Qanun qəbul edilib. Adıçəkilən hüquqi sənəd 2023-cü il yanvarın 1-dən qüvvəyə minib.
Məhz sözügedən Qanunun icrası ilə əlaqədar 44 qanuna 221 maddə üzrə 242 dəyişiklik edilməsi nəzərdə tutulub. Onlar da əsas etibarilə identikdir, mahiyyətcə eyni və ya oxşar xarakterli dəyişikliklərdir.
Qanun layihəsi səsə qoyularaq təsdiq edilib.