Qırğızıstan Azərbaycanın qabaqcıl məhkəmə təcrübəsini öyrənməkdə maraqlıdır
Bakı, 25 iyul, AZƏRTAC
Ali Məhkəmədə Qırğızıstan Respublikasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşün keçirilməsində məqsəd Qırğızıstan Respublikasının məhkəmə-hüquq sisteminin rəqəmsallaşdırılmasının dəstəklənməsi istiqamətində Dünya Bankı tərəfindən həyata keçirilən “Məhkəmə-hüquq sisteminin funksional təhlili” layihəsi çərçivəsində Azərbaycanın qabaqcıl təcrübəsinin öyrənilməsidir.
Görüşdə qonaqlara ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, Ali Məhkəmənin fəaliyyəti, həmçinin Azərbaycanın bütün məhkəmələrində tətbiq edilən “Elektron məhkəmə” informasiya sistemi barədə ətraflı məlumat verilib. Həmin sistemin tətbiqindən ötən müddət ərzində qazanılmış nailiyyətlərdən bəhs edilib və sistemə keçid zamanı əldə olunmuş təcrübələr bölüşülüb.
Nümayəndə heyətinin üzvləri məhkəmə sahəsindəki rəqəmsallaşma üzrə Azərbaycanın təcrübəsini yüksək qiymətləndiriblər.
Sonra nümayəndə heyətinin sualları cavablandırılıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar.