İQTİSADİYYAT
Qırğızıstanda keçirilən prezident seçkilərinin canlı yayımında Azerspace-1 peykinin resurslarından istifadə olunub
Bakı, 20 oktyabr, AZƏRTAC
Qırğızıstanda keçirilən prezident seçkilərinin canlı yayımında Azerspace-1 peykinin resurslarından istifadə olunub.
“Azərkosmos” ASC-dən AZƏRTAC-a bildirilib ki, oktyabrın 15-də Qırğızıstanda yerli və xarici, o cümlədən beynəlxalq təşkilatları təmsil edən müşahidəçilər və media nümayəndələri tərəfindən izlənilən prezident seçkiləri günboyu Azerspace-1 peykinin resurslarından istifadə olunmaqla canlı yayımlanıb. Azerspace-1 peykinin xidmətlərindən istifadə edən Qırğızıstanın aparıcı televiziya kanalları seçkilərin keçirildiyi müddətdə fasiləsiz və keyfiyyətli yayım əldə etdiklərini bildiriblər.
Həmçinin, Türkiyədə Tivibu kabel televiziyası vasitəsilə nümayiş olunan UEFA Çempionlar Liqası və Avropa liqasının oyunları “Azerspace-1” peykinin resurslarından istifadə olunaraq canlı yayımlanır. Belə ki, “Azərkosmos” ASC və Türkiyənin “Türk telekom” şirkəti arasında imzalanan müqaviləyə əsasən, futbol oyunlarının canlı görüntüsü dünyanın bir çox beynəlxalq yayım mərkəzinə “Azerspace-1” peyki vasitəsilə çatdırılır.
Qeyd edək ki, “Azərkosmos” ASC Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alıb və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və yaxın illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır.
Daha ətraflı məlumatı “www.azercosmos.com” internet səhifəsindən almaq mümkündür.