“Qırmızı” adlı qısametrajlı filmin nümayişi olub
Bakı, 9 mart, AZƏRTAC
Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə erkən nikahın mənfi təsirlərinə həsr olunmuş “Qırmızı” adlı qısametrajlı filmin nümayişi keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, filmdə oxuyub hüquqşünas olmaq arzusunda olan 14 yaşlı yeniyetmənin erkən nikaha məcbur edilməsi və evliliyin mənfi nəticələrlə sonlanması əks olunub.
Filmdə peşəkar aktyorlarla yanaşı gənclər də iştirak ediblər.
Tədbirdə çıxış edən mərkəzin direktoru Nərgiz Babayeva filmin yaradıcı heyətinə təşəkkür edib, erkən nikahın fəsadlarından danışıb. Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, yazıçı, publisist Zöhrə Əsgərova, rayon məktəb direktorları, vəkillər kollegiyasının üzvləri, ictimaiyyət və media nümayəndələri və digərləri çıxış edərək erkən nikahların qarşısını almaq, təhsilin yarım qalması, qadının bu səbəblə gələcəkdə iqtisadi çətinliklə üzləşməsi, yaranan psixoloji problemlər və bu şəraitdə dünyaya gətirilən övladların tərbiyəsinə düzgün istiqamət verilməməsi və yaratdığı fəsadlar haqqında maarifləndirmə işlərinin aparılmasının önəmini vurğulayıblar.
Tədbirə, eyni zamanda, Təhsil, Səhiyyə və Mədəniyyət müəssisələrinin üzvləri də qatılıblar.
Sonda isə müğənni-bəstəkar Elza Seyidcahan ifası ilə xanımları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.