Qışda arı ailələrinə necə qulluq etmək lazımdır?
Samux, 2 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC
Mühüm gəlir və məşğulluq mənbəyi olan arıçılıq özünəməxsus bir sahədir. Bu sahə ilə məşğul olanların müşahidə bacarığına sahib olması, illərlə formalaşan bilik və təcrübədən faydalanması, təbiəti və məşğul olduqları sahəni sevməsi, arılarla son dərəcə diqqətli və səbirli davranması olduqca vacibdir.
Arıların qorunub saxlanması, məhsuldarlığın artırılması çoxsaylı məqamlara diqqət yetirməyi tələb edir. 15 ildir ki, arıcılıqla məşğul olan aqrar elmlər üzrə fəlsəfə doktoru Şamxal Həsənzadə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu fəsildə arıçıları əsas düşündürən məsələ arı ailələrini qışdan çıxarmaqdır.
“Arıların qışlamasına xüsusi yanaşmaq lazımdır. Məhsuldarlığı qoruyub saxlamaq üçün arı pətəklərinə ilin dörd fəslində nəzarət və qulluq edilməlidir. Qışlamaya qədər arı ailəsini qüvvətləndirmək qışlamanı uğurla başa vurmaq üçün mühümdür. “Varroa” kimi bir sıra xəstəliklərə və ziyanvericilərə qarşı profilaktik tədbirlərin vaxtında, düzgün aparılması, orqanik müalicə vasitələrindən istifadə əsasdır”, - deyə arıçı qeyd edir.
Onun sözlərinə görə, arı ailələri havanın temperaturu +4-5°, nisbi rütubət isə 65-75% olduqda yaxşı qışlayırlar. Qışlama üçün Günəş şüalarının mütəmadi düşdüyü yer seçilməlidir. Uçuş bacasının istiqamətini yağışın, qarın istiqamətinin əksinə qoymaq lazımdır. “Pətəklərin yerdən hündürlüyü 25-30 santimetrdən az olmamalıdır. Arını nəmlik və soyuqdan qorumaq üçün izolyasiyasına və havalanmasına diqqət edilməlidir. Ayda bir dəfə uçuş bacası ölmüş arılardan təmizlənməlidir. Pətəkdən artıq çərçivələr çıxarılmalıdır. Arılar yeşikdə 4-dən 9-dək çərçivə aralığında, sıxlaşdırılmış şəraitdə saxlanılır. Çərçivələrin düzülüşünə diqqət edilməli, onlar ortadan başlayaraq bal-güləm-bal formasında olmalıdır”, - deyən arıçı onu da diqqətə çatdırır ki, qışlama dövrünü cavan arı ailələri daha uğurla keçirir. Ana arının cavan olmasına diqqət edilməlidir.
“Ananın yumurtaqoyma fəaliyyətini sürətləndirmək üçün mümkün olan bütün bioloji imkanlardan istifadə etmək lazımdır. Yüksək məhsuldar arı ailəsi yetişdirmək üçün yaxşı yemləmə şərtdir. Elə pətəkdən bal götürülərkən belə arıların qış ehtiyacları nəzərə alınaraq lazımi miqdarda balın yuvada saxlanmasını təmin edirik”, - deyə Şamxal Həsənzadə bildirir.
Sonuncu bal süzümündə məhsuldarlığın qənaətbəxş olduğunu bildirən arıçı gələn il üçün məhsulun bol olmasının hava şəraitindən və arının gücündən asılı olacağını söyləyir.