İQTİSADİYYAT
Qiymətləndiricilər Cəmiyyəti Banklar Assosiasiyası ilə birgə işçi qrupu yaradır
Bakı, 25 yanvar, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdullayev ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc arasında görüş keçirilib.
AQC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Y.Abdullayev maliyyə təsisatları ilə ölkə qiymətləndiriciləri arasında peşəkar əməkdaşlığın mövcud olduğunu vurğulayıb. O, əməkdaşlıq imkanlarının artırılmasının və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının vacibliyini qeyd edərək deyib. O, bankların fəaliyyətində qiymətləndirmənin əhəmiyyəti böyükdür və bu iki sektorun təmsilçiləri qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər. Maliyyə sabitliyinin təmin olunmasında obyektiv və şəffaf qiymətləndirmənin əhəmiyyəti yüksəkdir. ABA-nın AQC ilə əməkdaşlığa və dialoqa hazır olduğunu vurğulayan Y.Abdullayev əməkdaşlıq sayəsində münasibətlərin daha da inkişaf etdirilməsinə nail olacağına əminliyini bildirib.
V.Oruc Azərbaycan Banklar Assosiasiyasının fəaliyyətini yaxından izlədiklərini və əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb. Daha əvvəl Mərkəzi Bankın rəhbərliyi ilə görüş keçirdiklərini vurğulayan V.Oruc faydalı müzakirələr apardıqlarını və inkişaf perspektivləri ilə bağlı ilkin razılaşmalar əldə etdiklərini bildirib. O, ABA ilə faydalı qarşılıqlı təmaslarımı artıracağına, bank və qiymətləndirmə sektorları arasında peşəkar münasibətləri inkişaf etdirəcəklərinə ümidvar olduğunu vurğulayıb. V.Oruc AQC-nin əməkdaşlığın gücləndirilməsinə dair hazırladıqları təkliflər layihəsini qarşı tərəfə təqdim edib.
Qarşılıqlı təkliflərin müzakirəsindən sonra əməkdaşlığın artırılması imkanlarının nəzərdən keçirilməsi barədə ümumi razılıq əldə olunub və birgə işçi qrupunun yaradılması qərara alınıb.