QİYMƏTLİ KAĞIZLAR BAZARINDA ƏKSƏR SAHƏLƏRDƏ UĞURLAR VAR
Cari ilin yanvar-avqust aylarında qiymətli kağızlar bazarının əksər sahələrində inkişaf olduğunu və təxminən 1,5-2 dəfə artım yarandığını xatırladan G.Məmmədov demişdir ki, ilin əvvəlindən bəri 95 səhm buraxılmış və bunun pulla ölçüsü 158 milyon manat olmuşdur. 2005-ci il ərzində 1 milyon manat dəyərində cəmi 4 dəfə korporativ istiqrazlar buraxıldığı halda, bu ilin 8 ayında 10 dəfə korporativ istiqrazlar buraxılmış, onların dəyəri 24 milyon manat təşkil etmişdir. İlin sonunadək bu sahədə daha böyük nailiyyətlər əldə olunacağı proqnozlaşdırılır.
2005-ci ilin müvafiq dövründə 10 dəfəyə 25 milyon manatlıq dövlət qısamüddətli istiqrazının buraxıldığını xatırladan komitənin sədri bildirmişdir ki, bu ilin yanvar–avqust aylarında 22 dəfəyə buraxılan qısamüddətli istiqrazların dəyəri 54 milyon manata çatmışdır. Səkkiz ayda Milli Bankın notları üzrə yerləşdirilən istiqraz buraxılışı say etibarilə ötən ilin müvafiq dövrü ilə eyni olsa da, dəyəri keçən ildəkindən beş dəfədən çox olmuşdur.
Komitənin sədri demişdir ki, ipoteka kreditlərinin verilməsi çərçivəsində ipoteka kağızları və mənzil sertifikatlarının dövriyyəyə buraxılması Azərbaycanın qiymətli kağızlar bazarında yenilikdir. İndiyədək 6 buraxılış üzrə dövriyyəyə 52 milyon manat dəyərində cəmi 1174 ədəd mənzil sertifikatı buraxılmışdır.
Qiymətli kağızlar üzrə peşəkarların maarifləndirilməsi, stimullaşdırıcı lotereya bazarındakı vəziyyət, baş verən qanun pozuntularına qarşı həyata keçirilən tədbirlər, komitənin strukturunun genişləndirilməsi istiqamətində görülən işlərdən və digər məsələlərdən ətraflı danışan G.Məmmədov sonda jurnalistləri maraqlandıran suallara cavab vermişdir.