Quba sakininin evindən narkotik vasitələr və silah-sursat aşkarlandı VİDEO
Quba, 11 aprel, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən Xucbala kənd sakini Azər Məmmədovu saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman yarım kiloqramdan artıq marixuana, əkilib-becərilməsi qadağan edilmiş çətənə (kannabis) bitkisi və onun toxumları, külli miqdarda heroin, tiryək, metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Bundan əlavə, A.Məmmədovun evindən 2 ədəd tüfəng və onlara aid patronlar, 2 ədəd fərqli silahlara məxsus nişangahlar və 3 ədəd xəncər-bıçaq aşkar edilərək götürülüb.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.