REGİONLAR
Qubadlı MKS-də “Azad Qarabağım və Şuşalı ilim” adlı tədbir keçirilib
Sumqayıt, 19 may, Ətrabə Rzayeva, AZƏRTAC
Qubadlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) “Azad Qarabağım və Şuşalı ilim” adlı tədbir keçirilib. Rayonun bir qrup yaradıcı ziyalısının iştirak etdiyi tədbir dəyirmi masa formatında təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir torpağımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
MKS-in direktoru Müşgünaz Muradova və xidmət şöbəsinin müdiri Akifə Sərməsova iştirakçıların hər biri haqqında məlumat verib, onların yaradıcılıq uğurlarından danışıblar.
Süleyman Rəhimov adına Qubadlı rayon Ədəbi İctimai Birliyinin sədri Qafqaz Əvəzoğlu qalib ölkənin şairlərinin və yazıçıların fəaliyyətindən söz açıb.
Tədbirdə iştirak edən şairlərin yaradıcılıqlarına nəzər yetirilib və yeni kitablar, yazılar oxuculara təqdim edilib.
Qubadlı rayon Mahmudlu kənd tam orta məktəbinin müəllim və şagirdləri şairlərin vətənpərvərlik ruhlu şeirlərini ifa ediblər.
Sonda tədbir iştirakçıları “Qubadlı yazarları” adlı kitab sərgisinə baxış keçiriblər.