Qudyalçay, Qaraçay və Vəlvələçayda monitorinq aparılıb
Quba, 25 iyun, Elxan Yusifli, AZƏRTAC
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən Quba rayonu ərazisindən keçən Qudyalçay, Qaraçay və Vəlvələçay çaylarındakı köhnə istismar sahələrində monitorinq aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, monitorinqlər mövsümi yağıntılar nəticəsində sululuğun artması, həmin ərazilərdən sel və daşqınların keçməsi ilə əlaqədar olub.
Agentliyin baş mütəxəssisi Sadiq Əmiraslanov bildirib ki, baxış zamanı selin fəsad yaratdığı sahənin əvvəllər karxana olan yerlərdən təxminən 2 kilometr yuxarı hissədə, inert materiallarının çox olduğu ərazilərdə baş verdiyi müşahidə edilib. Belə ki, inert materiallarının çox olması səbəbindən sel və daşqın zamanı çayın axın istiqaməti dəyişməyə məruz qalıb.
Ümumiyyətlə, 2020-ci ildən başlayaraq indiyədək Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən bütün çay yataqları, o cümlədən Qudyalçay, Qaraçay, Vəlvələçay çaylarında yerləşən faydalı qazıntı yataqları ərazilərində aparılmış karxana fəaliyyəti ilə bağlı monitorinqlər keçirilib və istismar nəticəsində çay məcrasının dəyişdiyi, ekoloji tarazlığın pozulduğu müəyyən edilib.
Həmin sahələrdə karxanaların fəaliyyəti ləğv edilib və müvafiq hüquqi tədbirlər görülüb. Agentlik tərəfindən mütəmadi olaraq çay yataqları ərazilərində keçirilən monitorinq və nəzarət işləri nəticəsində qanun pozuntusu olduğu halda müvafiq tədbirlər görülür.
Regionda qum çınqıl xammalına olan tələbatın ödənilməsi məqsədilə istismarı mümkün sayılan alternativ çay yataqlarının istifadəyə verilməsi nəzərdə tutulub. Bununla əlaqədar Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən çay hövzələrində az dərinlikdə istismar işləri aparılmaqla istifadəyə verilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət komissiya yaradılıb. Komissiya Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələrindən təşkil olunub.