Qurban Qurbanov: Qələbə bizim üçün çox vacib idi
Bakı, 18 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Futbolçularımı təbrik edirəm. Qələbə bizim üçün çox vacib idi. Sevinirik ki, hər şey istədiyimiz kimi oldu. Azarkeşlərimizə təşəkkür edirəm. Çoxdandır doğma meydanda qələbə qazanmırdıq. İlk dəqiqələrdən rəqib fərqli sistemdə oynadı. Buna da hazırlaşmışdıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov Farer adalarına 2:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının V tur matçından sonra təşkil olunmuş mətbuat konfransında deyib.
Baş məşqçi bildirib: "İkinci hissədə dəyişiklik etdilər. İkinci hissənin əvvəlində sistemə görə oyuna tam nəzarət edə bilmədik. Amma getdikcə hər şey düzəldi. İndi qarşıda vacib səfər oyunumuz olacaq. Kosovoda mütləq qələbə lazımdır. Səfərə qələbə istəyi ilə gedəcəyik. İnanıram ki, futbolçularım bunu bacaracaqlar. Rəqibin oyununu bilirik. Amma yenə də onların Malta ilə son oyununa bir də baxacağıq. Hansı heyət uyğundursa, o cür də meydana çıxacağıq. Kamran Ağayevin və Pavel Paşayevin oynayıb-oynamayacağı bilinmir. Bəzi oyunçuların da kiçik zədələri var. Statistikaya baxacağıq. Lazım olsa, dəyişiklik edəcəyik. Bir-iki dəyişiklik gözlənilir. Həmişə iddialı olmuşuq. Oyunlarda iddialı olmaq çox vacibdir. Səfərə bu hisslərlə getmək istəyirəm. Bizi ancaq qələbə qane edir. Buna görə də inamlı olmalıyıq”.