Qurban Qurbanov: Uğurlu nəticə qazanmağa çalışacağıq
Bakı, 17 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Qarşılaşmaya ciddi hazırlaşmışıq. Oyunu düzgün qurub, uğurlu nəticə qazanmağa çalışacağıq. Rəqibi də yaxından tanıyırıq, onlara qarşı oynamışıq. Futbolçularımız yaxşı oyun göstərməyə çalışacaq və rəqibin sürprizlərinə hazır olmalıyıq. Kosovo ilə oyunlarını izləmişik. İstədiyimiz nəticəni əldə edəcəyimizə inanırıq. Təbii ki, oyunun gedişində müəyyən dəyişikliyə əl atacağıq.
Futbolçulardan əsas tələblərimdən biri oyun zamanı hücumda sayımızın çoxalması ilə bağlıdır. Mütləq deyil ki, meydana iki hücumçu ilə çıxaq. Ön xətdə yer alan futbolçulara hər zaman hücumçu kimi yanaşmışam. Məqsədimiz oyun üslubumuzu yaxşılaşdırmaqdır. İstənilən halda sabah ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasinin qrup mərhələsinin 5-ci turu çərçivəsində Farer adaları qarşılaşması ilə bağlı oyunöncəsi təşkil olunmuş mətbuat konfransında deyib.
Milli komandanın üzvü Rüfət Dadaşov bildirib: “Komandamız üçün vacib oyun olduğunu bilirik. Əlbəttə, çalışmalıyıq ki, yekunda sevinən tərəf biz olaq. Öz oyunumuzu oynamalıyıq. Rəqibin heyətində ucaboylu futbolçular yer alıb amma bizim də bu cür oyunçularımız var. Hücumçuyam, qol vurmalıyam. Ancaq Farer adaları və Kosovo ilə oyunlarda kimin fərqlənməsi yox, Azərbaycan milli komandasının qələbə qazanması vacibdir”.
Qeyd edək ki, Azərbaycan-Farer adaları oyunu Bakı vaxtı ilə saat 21:00-da oynanılacaq. Görüş Bakı Olimpiya stadionunda təşkil olunacaq.
Oyunu Kiprdən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Dimitrios Masias olacaq. Ona həmyerliləri Marios Kalogerou və Ioannis Lazarou kömək edəcəklər. Dördüncü hakim funksiyasını Omiros Tziortzis yerinə yetirəcək. Görüşün hakim-inspektoru ukraynalı Volodimir Petrov, UEFA nümayəndəsi çexiyalı Yaroslav Dudl olacaq.
Qrupun digər oyununda Malta yığması doğma meydanda Kosovo seçməsin qəbul edəcək.
Dörd turdan sonra Qurban Qurbanovun yetirmələri 6 xalla qrupda ikinci pillədə qərarlaşıblar. Kosovo 8 xalla birinci, Farer Adaları 4 xalla üçüncü, Malta isə 2 xalla sonuncu yerdədir. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb - 1:1. Komandamız oktyabrın 11-də səfərdə Farer Adaları yığmasının qapısından üç cavabsız top keçirib. Oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçirilən Malta-Azərbaycan oyununda qalib müəyyənləşməyib -1:1.