Qusarda həkim-sehrbaz İlizarovun ixtirasına abidə ucaldılıb
Qusar, 7 iyun, Elxan Yusifli, AZƏRTAC
Qusar şəhərində İlizarov aparatına abidə qoyulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, abidə məşhur cərrah-ortoped, akademik Qavriil Abramoviç İlizarovun anadan olmasının 100 illiyinə həsr edilib. 6,5 metr hündürlüyündəki abidə şəhərin Qavril İlizarov və Fəxrəddin Musayev küçələrinin kəsişməsində yerləşir. Abidənin müəllifi Fərhad Əzizovdur.
Qavril Abramoviç İlizarov 1921-ci il iyunun 15-də Polşada yəhudi ailəsində dünyaya göz açıb. Qavrilin 7 yaşı olanda ailəsi ilə birlikdə ata yurduna - Qusar rayonuna köçüblər. Onun atası Abram burada yaşayan dağ yəhudilərindən idi. Qusarda səkkiz illik məktəbi bitirən gələcəyin məşhur cərrahı ilk tibb təhsilini Dağıstanda alıb. Krım Dövlət Tibb İnstitutunda ali təhsil alan İlizarov bundan sonra həkim kimi fəaliyyətə başlayıb. Onun 1947-ci ildə ixtira etdiyi aparat sınıqların müalicəsində ən effektiv üsullardan sayılır. Qavril İlizarovu ixtirasına görə həkim-sehrbaz adlandırırlar.
Bir çox ali dövlət mükafatları ilə təltif olunan Qavril İlizarov 1992-ci ildə 71 yaşında vəfat edib.
Qusarda yerləşən özəl tibb müəssisəsinin təşəbbüsü ilə yaradılan abidə öz ixtirası ilə minlərlə insanın sağlamlığına qovuşmasına səbəb olan məşhur həkimin xatirəsinə hörmət əlaməti olaraq ucaldılıb.