Radiasiya Problemləri İnstitutunun alimləri ordumuza dəstək nümayiş etdiriblər
Bakı, 1 oktyabr, AZƏRTAC
AMEA-nın Radiasiya Problemləri İnstitutunun alimləri ordumuza dəstək nümayiş etdiriblər.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, bu münasibətlə təşkil olunmuş iclasda institutun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək təmas xəttində yerləşən yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutduğunu qeyd edib. Vurğulayıb ki, bu təxribata cavab olaraq Ali Baş Komandanın göstərişi ilə Azərbaycan Ordusu tərəfindən genişmiqyaslı əks-hücum əməliyyatları icra edilir. Azərbaycanın bir neçə kəndi, strateji əhəmiyyətli yüksəkliklər işğalçılardan azad edilib. Azərbaycan Ordusu düşmənin hərbi mövqelərinə zərbələr endirməkdə davam edir. İnanırıq ki, tezliklə düşmən üzərində qələbə qazanaraq doğma Qarabağımızı azad edəcəyik.
İclasda çıxış edən digər alimlər ordumuzun ruh yüksəkliyindən və peşəkarlığından söz açıblar.
Tədbirin sonunda Prezident İlham Əliyevin xalqa müraciətində söylədiyi “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” fikri səsləndirilib.
Alimlər torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan Silahlı Qüvvələrinə yeni uğurlar arzu edib, həmçinin dəstəyə hazır olduqlarını bildiriblər.