Rahibə Əliyeva: Zurnabad kəndindəki alban abidələri qeydiyyata alınmaq üçün Mədəniyyət Nazirliyinə təqdim olunacaq
Bakı, 22 oktyabr, AZƏRTAC
Azərbaycanın qədim tarixindən xəbər verən daha iki alban abidəsi Göygöl rayonunda aşkarlanıb. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpa problemləri şöbəsinin müdiri memarlıq doktoru, dosent Rahibə Əliyeva AZƏRTAC-a açıqlamasında qeyd edib ki, bu ilin avqust ayında Zurnabad kəndində apardığı tədqiqat zamanı iki alban abidəsini tədqiq edib. Onun sözlərinə görə, abidələrdən biri kəndin içində, təpəlik bir ərazidə yerləşir. Bu alban abidəsi bir nefli və bir kameralı memarlıq həllinə malikdir. Genişhəcmli ibadət zalı olan bu abidənin üzərində inşa tarixi qeyd olunmasa da, memarlıq xüsusiyyətlərinə əsasən onun təxminən XVI–XVII əsrlərə aid olduğunu söyləmək olar. Abidənin giriş qapısının üstündə müxtəlif alban memarlıq elementləri və yazılı kitabə də mövcuddur. Lakin kitabəni oxumaq mümkün olmadığından onun dövrü barədə dəqiq fikir yürütmək çətindir. Kəndin digər hissəsində, meşə istiqamətində yerləşən ikinci abidə isə kiçik bir sövmədir. Bu sövmə gündəlik ibadət funksiyasını daşıyır və digər məbədə nisbətən kiçik həcm-məkan tutumuna malikdir. Abidə bu günədək nisbətən yaxşı vəziyyətdə qalsa da, damının bir hissəsi uçmuşdur. Bu səbəbdən abidənin daxili hissəsinə yağış suları, toz və torpaq dolmuşdur. Bundan əlavə, abidənin qapısı artıq yoxdur. Hər iki dini tikilinin bərpaya ehtiyacı var.
“Səfərim zamanı Gəncə şəhəri üzrə abidələrin qorunması ilə məşğul olan regional idarənin nümayəndələri ilə görüşdüm. Hər iki abidə artıq yeni siyahıya daxil edilməsi və dövlət qeydiyyatına alınması məqsədilə, əldə olunmuş məlumatlar Mədəniyyət Nazirliyinə təqdim olunub”, - deyə R.Əliyeva bildirib.