RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA TƏBRİK
Sizi və bütün dünya azərbaycanlılarını müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
Xalqımızın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəman Azərbaycan övladlarının nurlu xatirəsini bu əziz bayram günlərində bir daha böyük ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirəm.
Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları xeyirxah niyyətlər naminə vəhdətə dəvət edən, onlara mənəvi zənginliyin, əxlaqi saflığın və cismani-ruhi kamilliyin fərəhini yaşatmaqla xeyrin şər, mənəvi ucalığın nəfs üzərində qələbə təntənəsini nümayiş etdirən bir aydır.
Azərbaycan xalqı öz böyük və şərəfli tarixi boyu həmişə Uca Tanrıya tapınmış, milli köklərinə, dini-mənəvi ənənələrinə daim sadiq olmuşdur. Müstəqillik illərində mütərəqqi islami dəyərlərə qayıdış cəmiyyətimizin əxlaqi-mənəvi yüksəlişində xalqımızın bütövlüyü və birliyndə misilsiz rol oynayan amillərdəndir. Azərbaycan oğul və qızlarının yüksək vətənpərvərliyi, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi uğrunda sarsılmaz mübarizə əzmi də məhz belə milli-mənəvi dəyərlərə sadiqliyin nümunəsidir.
Əziz bacı və qardaşlarım!
Orucluq Allah rizası üçündür və hər bir müsəlmanın müqəddəs dinimiz qarşısında mənəvi borcudur. Siz mübarək Ramazan günlərini böyük məmnunluq və fərəh hissləri ilə başa vurursunuz. İnanıram ki, Allah və din yolunda cəfakeşliyiniz və Azərbaycanın əmin-amanlığı naminə etdiyiniz dualar sayəsində Böyük Yaradan öz mərhəmətini və şəfqətini xalqımızdan əsirgəməyəcəkdir.
Bu əziz bayram günündə bir daha hamınıza firavanlıq, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.
Allah orucunuzu qəbul etsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 noyabr 2005-ci il.