RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ ŞEYXÜLİSLAMIN TƏBRİKİ
Möhtərəm həmvətənlərim, müsəlman qardaş və bacılarım!
Dünya müsəlmanlarının əziz günü - mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan orucunuzun qəbul, dualarınızın müstəcəb olmasını diləyirəm.
Pərvərdigari-aləmin Nəzərində Oruc tutub, Allah yolunda bir aylıq ibadət edən hər bir kəsin əcri və savabı böyükdür. İndi müsəlman ümməti qardaşlıq bayramı olan müqəddəs Eydül-Fitr səadətini yaşayır. Bu gün on bir ayın sultanı Ramazani-Şərifin fəzilət və bərəkətlərindən nəsibinə pay düşmüş insanlar üçün böyük şadlıq günüdür. Biz bu gün qəlbən sevinirik ki, bir ay ərzində müqəddəs İslam dinimizə sədaqətimizi bir daha nümayiş etdirdik, Allahın vacib ibadətini səmimi hisslərimiz sayəsində müvəffəqiyyətlə başa vurduq.
Bu şərafəti bizə nəsib edən Allah-Təalaya duamız budur ki, Öz böyüklüyü və mərhəməti naminə Azərbaycan xalqını əmin-amanlığa, sabitliyə, milli birliyə, xeyir-bərəkətə yetirsin, ağır sınaqlardan bizi hifz etsin, torpaqlarımızın işğalçılardan təmizlənməsində, Vətənimizin müstəqilliyini və dövlətçiliyimizi qorumaqda bizə daim yardımçı olsun. Biz inanırıq ki, yaxın gələcəkdə Azərbaycanımız inkişafının daha parlaq mərhələsinə, daha böyük tərəqqi və rifaha qədəm qoyacaqdır. İnşallah dualarımız, orucumuz, namazlarımız qəbul olacaqdır. Allahın Nəzəri üstümüzdən əskilməyəcəkdir!
Qoy Allah hamımıza qüvvət və səbir əta etsin ki, xoş niyyətlərimiz hasil olsun, xalqımız səadətə qovuşsun. Bu əziz gündə Ulu Yaradanımızın qibləsinə üz tutub, millətimiz üçün xoşbəxtlik diləyir, hamınızı bir daha ürəkdən təbrik edir, bütün Azərbaycan xalqına xeyir-dualarımı yetirirəm.
Qoy bu mübarək bayram hər birimizin evinə sevinc və rifah bəxş etsin, qəlbində Allah məhəbbəti yaşadan xalqımızın ülvi və nəcib niyyətləri hasil olsun!
Allah orucunuzu qəbul eləsin!
Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!
Şeyxülislam Allahşükür Paşazadə,
Qafqaz Müsəlmanları İdarəsinin sədri