Rauf Hacıyevin xatirəsinə həsr olunmuş elmi-yaradıcı diskussiya
Bakı, 24 dekabr, AZƏRTAC
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Rauf Hacıyev - 100” adlı musiqi festivalı çərçivəsində görkəmli bəstəkar, tanınmış ictimai xadim, Xalq artisti Rauf Hacıyevin xatirəsinə həsr edilmiş elmi-yaradıcı diskussiya keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova bəstəkarın həyat və yaradıcılığından bəhs edib. O, Rauf Hacıyevin rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayıb: “Müxtəlif janrlarda çox sayda qiymətli əsərlər, o cümlədən simfoniya, oratoriya və kantatalar meydana gətirən bəstəkara uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırıb. R.Hacıyevin milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olaraq, Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynayıb. Onun sənətinin yüksək bədii keyfiyyətləri həmçinin kinofilmlər və teatr tamaşaları üçün bəstələdiyi musiqi lövhələrində aydın təzahürünü tapıb. R.Hacıyev eyni zamanda respublikanın mədəni həyatında yaxından iştirak edərək, səmərəli ictimai fəaliyyəti ilə tanınıb”.
Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin böyük məsləhətçisi, musiqişünas Turan Məmmədəliyeva Rauf Hacıyevin musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri haqqında danışıb.
Daha sonra diskussiyada musiqişünas və jurnalist Raya Abbasova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Rzayeva, saksofon ifaçısı, Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə Rauf Hacıyev haqqında xatirələri və məruzələri ilə çıxış ediblər. Çıxışlar muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.
Tədbirə Niderlanddan onlayn qoşulmuş musiqişünas, jurnalist Natavan Hüseynova Rauf Hacıyevin yaradıcılığından söhbət açaraq, eyni zamanda “Azərbaycanda caz” adlı kitabının təqdimatını edib. Həmin kitab Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə olunub.
Sonda yaradıcılıq gecəsinə Finlandiyadan onlayn qoşulmuş Natella Rauf qızı Hacıyeva ailəsi adından atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə təşəkkürünü bildirib.
Qeyd edək ki, tədbirdə həmçinin Rauf Hacıyevin ailə üzvləri iştirak ediblər.