SİYASƏT
Ravil Qaynutdin: Azərbaycan mənəvi inkişafın, tarixi və dini dəyərlərin qorunub saxlanmasının tərəfdarıdır
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan müxtəlif mədəniyyətləri, ayrı-ayrı dinləri, tarixi irsi, ənənəvi ailə dəyərlərini yaşadan bir ölkə kimi bütün dünyaya sülhsevər dövlət olduğunu nümayiş etdirir.
Sözsüz ki, bu, hamımızı sevindirir. Biz, Rusiya müsəlmanları bu gün Azərbaycanın sürətli inkişafını, azərbaycanlıların sosial rifahı naminə görülən işləri izləyirik. Bu ölkədəki insanlar həmişə sülhsevər, bir-birinə qarşı tolerant olub, başqa xalqların mədəniyyətinə, dilinə və ənənələrinə hörmətlə yanaşıb. Bütün bu inkişaf prosesi Azərbaycanın lideri İlham Heydər oğlu Əliyevin sayəsində baş verir. Uca Allahdan ona əmin-amalıq və tərəqqi arzulayırıq.
Bu barədə AZƏRTAC-a Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammitində iştirak edən Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri Ravil Qaynutdin bildirib.
“İlk növbədə, Azərbaycan Respublikasının Prezidentini və bütün Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edir, Azərbaycanın daha da çiçəklənməsini və güclənməsini səmimi qəlbdən arzulayıram. Ermənistan Qarabağı Azərbaycanın ərazisi, Azərbaycanın tarixi torpağı kimi tanıdıqdan sonra Azərbaycan rəhbərliyi əvvəllər işğal olunmuş bu torpaqlarda tarixi-mənəvi dəyərlərin bərpası, yenidən qurulması və dirçəldilməsi barədə qərar qəbul edib. Biz bilirik ki, 67 məsciddən 63-ü dağıdılıb. Cənab Prezident İlham Əliyev Azərbaycanın adından bildirdi ki, başqa dinlərin məbədləri dirçəldiyi kimi, bizim bu mənəvi dəyərlərimiz də dirçələcək. Bu o deməkdir ki, Azərbaycan həmişə mənəvi inkişafın, tarixi, mənəvi, dini dəyərlərin qorunub saxlanmasının tərəfdarıdır”, - deyə Ravil Qaynutdin əlavə edib.