CƏMİYYƏT
Reabilitasiya sahəsində Türkiyənin Başkent Universiteti ilə əməkdaşlığa başlanılır
![](/files/galleryphoto/2023/1/1200x630/16787048582811923050_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16787048585320259341_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16787048581707864862_1200x630.jpg)
Bakı, 13 mart, AZƏRTAC
Əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri sahəsində Türkiyənin Başkent Universiteti ilə əməkdaşlıq həyata keçiriləcək.
Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov və həmin Universitetdən professor İbrahim Haldun Müderrisoğlu Memorandum imzalayıblar.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, A.Bayramov ölkəmizdə əlillik və reabilitasiya sahəsində aparılan islahatlar, əlilliyi olan şəxslər üçün yaradılan müasir reabilitasiya infrastrukturu barədə məlumat verib.
O, reabilitasiya xidmətlərinin təşkili və qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, peşəkarlıq səviyyəsinin artırılması üçün görülən işləri, agentlik qarşısında duran hədəfləri diqqətə çatdırıb.
Bu sahədə bir sıra qurumlarla, eləcə də qardaş ölkənin müvafiq təşkilatları ilə əməkdaşlığa xüsusi əhəmiyyət verildiyi vurğulanıb.
İ.H.Müderrisoğlu ölkəmizdə əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətlərini yüksək qiymətləndirib. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə Başkent Universiteti arasında reabilitasiya sahəsində qurulan əməkdaşlığın qarşılıqlı faydalı olacağına əminliyini ifadə edib.
Memorandum reabilitasiya mərkəzlərində göstərilən xidmətlərin effektiv və səmərəli təşkili, bu sahədə kadr potensialının bilik və peşəkarlıq səviyyələrinin artırılması, reabilitasiya sahəsində tətbiq olunan modern yanaşmalara dair məlumat və təcrübə mübadilələrinin həyata keçirilməsi kimi əməkdaşlıq istiqamətlərini əhatə edir.