Reabilitasiya vasitələri ilə təminat sisteminin təkmilləşdirilməsi sahəsində görüləcək işlər müzakirə olunub
Bakı, 2 aprel, AZƏRTAC
Azərbaycanda reabilitasiya texnologiyaları sektorunun gücləndirilməsi sahəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə icrasına başlanan layihəyə dair maraqlı tərəflərin məlumatlandırılması və prosesə cəlb olunması məqsədilə onlayn görüş keçirilib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, ÜST-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Hande Harmancı, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və digərləri iştirak ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə əlilliyi olan şəxslərin Prezident İlham Əliyevin xüsusi qayğısının nəticəsi olaraq reabilitasiya vasitələri ilə təminatının daim gücləndirildiyi vurğulanıb. Reabilitasiya vasitələri növlərinin siyahısına ötən il daha 23 yeni növün əlavə edildiyi, hazırda həmin siyahıda reabilitasiya vasitələri növlərinin 60-a yaxın olduğu qeyd edilib. Ölkəmizdə yüksək texnologiyalı protezlərlə və mühərrikli təkərli oturacaqla təminat proqramlarına başlandığı diqqətə çatdırılıb.
Həmçinin Azərbaycanda əlillik sahəsində aparılan islahatlar da qeyd olunub. Bu islahatlarda nazirliklə ÜST arasında əməkdaşlıq əlaqələrindən bəhs edilib. Azərbaycanda reabilitasiya vasitələri ilə təminat üzrə işlərin gücləndirilməsi sahəsində ÜST ilə əməkdaşlığı nəzərdə tutan yeni layihə barədə məlumat verilib.
Bildirilib ki, 2021-ci ili əhatə edən layihə köməkçi texnologiyalar (reabilitasiya vasitələri) üzrə ehtiyacların müəyyən edilməsi sahəsində tədqiqatların keçirilməsi işlərini nəzərdə tutur. Bu tədqiqatlar nəticəsində reabilitasiya vasitələri növlərinin siyahısının daha da genişləndirilməsi üçün təkliflər hazırlanacaq.
Görüşdə layihə üzrə aparılacaq işlər barədə maraqlı tərəflərə ətraflı məlumatlar verilib, rəy və təkliflər səsləndirilib.