DÜNYA
Rəcəb Tayyib Ərdoğan: Xainlərə inad Türkiyə daha çox işləyəcək, daha çox istehsal edəcək
İstanbul, 25 oktyabr, Günel Karatepe, AZƏRTAC
“Xainlərə inad Türkiyə daha çox işləyəcək, daha çox istehsal edəcək. Türk Aviasiya və Kosmik Sənaye Şirkətinə (TUSAŞ) qarşı törədilən terror aktının Suriyadan bir sızma əməliyyatı olaraq cərəyan etdiyi müəyyən olunub. Terroru qaynağından məhv etmək siyasətimiz davam edəcək. Terrorçular bu xain addımın cavabını çox ağır şəkildə verəcək. Hədəfimiz terrordan təmizlənmiş bir Türkiyə yaratmaqdır. Suriyada davam edən qeyri-sabitlikdən istifadə edən terror təşkilatlarının bəzi Qərb ölkələrinin himayəsinə girmək üçün göstərdikləri cəhdlər də faydasızdır”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammitindən geri qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
Türkiyə Prezidenti qeyd edib ki, ABŞ-ın bölgədəki terror təşkilatlarını öz mənfəətləri üçün istifadə etdiyi artıq məlum bir həqiqətdir. Ərdoğan əlavə edib ki, Suriya hökumətinin Türkiyə ilə səmimi və realist normallaşmanın onlara gətirəcəyi faydaları anlayaraq addımlarını buna uyğun atması ən böyük gözləntidir: “Suriyada fəaliyyət göstərən PKK terror təşkilatının qolu olan PYD/YPG tərk edilməyə və yalnız qalmağa məhkumdur. Suriyadakı qeyri-sabitlikdən istifadə edən terror təşkilatının bəzi Qərb ölkələrinin himayələrinə girmə cəhdləri faydasızdır. Bu vəziyyət uzun müddət davam etməz”.
BRICS sammitində iştirakı haqqında da danışan Rəcəb Tayyib Ərdoğan bildirib ki, zirvə zamanı səmərəli görüşlər keçirib. O, Rusiya Prezidenti Vladimir Putinlə görüşdə əsir mübadiləsi məsələlərinin müzakirə olunduğunu bildirib.
BRICS-in yüksək iqtisadiyyatların birləşdiyi böyük bir platforma olduğunu da qeyd edən Ərdoğan Türkiyənin BRICS ölkələri ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deyib: “Bizim kimi G20 üzvü olan BRICS ölkələri dünya ərazisinin təxminən 30 faizini, əhalisinin isə 45 faizini əhatə edir. Qlobal neft istehsalının 40 faizi, mal ixracatının 25 faizi və ticarətin 2/5-i BRICS ölkələri tərəfindən həyata keçirilir. Təkcə bu göstəricilər belə BRICS platformasının iqtisadi baxımdan əhəmiyyətini göstərir. Türkiyə də öz maraqları çərçivəsində BRICS ilə əməkdaşlığını gələcəkdə də inkişaf etdirmək arzusundadır”.
“Biz uzun illərdir milli valyuta ilə ticarət siyasətinin doğru yol olduğunu müdafiə edirik. Bu, ikitərəfli ticarətin üzərindəki dollar təzyiqindən azad olunmanı təmin edəcək məqamdır. Milli valyuta ilə ticarət, eyni zamanda, azad ticarətdir. Bu baxımdan alternativ maliyyə və ödəniş sistemi beynəlxalq ticarəti asanlaşdıracaq, müxtəlifliyi artıracaq”,- deyə Ərdoğan bildirib.