Rəhman Hümmətov: Avtonom nəqliyyat vasitələrinin tətbiqi ilə bağlı miqyaslı işlərin astanasındayıq VİDEO
Bakı, 4 iyun, AZƏRTAC
Hazırda nəqliyyat sektorunun, bəlkə də, tarixin ən böyük transformasiya mərhələlərindən biri, yəni avtonom nəqliyyat vasitələrinin tətbiqi ilə bağlı miqyaslı işlər astanasındayıq. Bir çox ölkələrdə bu artıq sınaq rejimində tətbiq olunur. Bu texnologiyalar yalnız nəqliyyat sistemlərinin fəaliyyət prinsiplərini dəyişmir, eyni zamanda, nəqliyyatda, ilk növbədə, təhlükəsizliyin, iqtisadi səmərəliliyin, habelə xidmət keyfiyyətinin yüksəldilməsinə yeni imkanlar formalaşdırır.
AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 4-də keçirilən iclasında deyib.
O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünya üzrə avtoqəzalarda vəfat edənlər ildə təxminən 1,2 milyon nəfərə yaxındır. Bu qəzaların təqribən 90 faizə yaxını məhz insan faktoru, yəni insan xətası, diqqətsizlik, yorğunluq və yaxud da qayda pozuntuları ilə əlaqədar olur. Bu baxımdan, avtonom nəqliyyat vasitələri artıq ilkin dövrlərdən özünün səmərəliliyini göstərir. Xüsusilə süni intellekt modelləri, insan faktorundan yaranan bu riskləri aradan qaldıraraq belə hadisələrin əhəmiyyətli dərəcədə azaldılmasına müsbət töhfə verir.
“Eyni zamanda, avtonom nəqliyyat vasitələrinin tətbiqini zəruri edən digər amillərdən biri onun müsbət iqtisadi effektləridir. Çünki bu texnologiyalar iş rejimindən asılı olmadan onların parkından daha səmərəli istifadə olunmasına, həmçinin yanacaq sərfiyyatının optimallaşdırılmasına, logistika proseslərinin təkmilləşdirilməsinə və ümumilikdə hətta sürücü çatışmazlığı probleminin həll edilməsinə də müsbət təsir göstərir. Belə ki, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının məlumatına görə, dünya üzrə hazırda 3,6 milyona yaxın sürücü çatışmazlığı müşahidə olunur. Bu baxımdan, avtonom nəqliyyat vasitələri bu problemlərin də həllinə xidmət edir”, - deyə nazir müavini əlavə edib.