Rektor: Gənc tədqiqatçıların beynəlxalq elmi mühitə inteqrasiyası BDU-nun prioritet istiqamətlərindəndir VİDEO
Bakı, 6 may, AZƏRTAC
Müasir dünya dərin transformasiya dövründən keçir. Qlobal iqtisadi dəyişikliklər, rəqəmsal texnologiyaların sürətli inkişafı, süni intellektin gündəlik həyata təsiri, enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri və geosiyasi proseslər beynəlxalq münasibətlər sistemini yenidən formalaşdırır. Belə bir şəraitdə elm və təhsil müəssisələrinin məsuliyyəti daha da artmaqdadır. Çünki davamlı inkişafın əsasını məhz bilik, innovasiya və insan kapitalı təşkil edir. Bu baxımdan konfransın mövzusu olduqca aktual və strateji əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” mövzusunda beynəlxalq konfransda deyib.
Rektor bildirib ki, bu gün Türk dünyasında inteqrasiya prosesləri yeni mərhələyə qədəm qoyur: “İqtisadi əməkdaşlıq, siyasi dialoq, nəqliyyat-logistika layihələri, enerji təhlükəsizliyi və texnoloji inkişaf sahələrində atılan addımlar ortaq gələcəyimizin formalaşmasına mühüm töhfə verir. Bu prosesdə universitetlərin və elmi tədqiqat mərkəzlərinin rolu xüsusi əhəmiyyət kəsb edir. Çünki dayanıqlı inteqrasiyanın əsasında yalnız iqtisadi və siyasi maraqlar deyil, ortaq elmi düşüncə, mədəni yaxınlıq və intellektual əməkdaşlıq dayanır. İnanıram ki, bugünkü konfrans çərçivəsində aparılacaq müzakirələr universitetlərimiz arasında inkişaf perspektivlərinə dair yeni yanaşmaların ortaya çıxmasına imkan yaradacaq”.
Rektor bildirib ki, Bakı Dövlət Universiteti beynəlxalq əməkdaşlığın inkişafına hər zaman xüsusi önəm verir: “Universitetlər arasında elmi əlaqələrin gücləndirilməsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi və gənc tədqiqatçıların beynəlxalq elmi mühitə inteqrasiyası BDU-nun prioritet istiqamətlərindəndir. Əminəm ki, bu konfrans yeni elmi fikirlərin formalaşmasına, mühüm əməkdaşlıq əlaqələrinin qurulmasına və ölkələrimiz arasında elmi inteqrasiyanın daha da güclənməsinə əhəmiyyətli töhfə verəcək”.